Onurğanın boyun şöbəsinin fəqərəarası disklərinin yırtıqlarının yaranma səbəbləri çox vaxt osteoxondroz və travma ilə əlaqədar olur. Bu patologiyanın rast gəlmə tezliyi onurğanın bel şöbəsinin fəqərəarası disk yırtıqlarından sonra ikinci yeri tutur. Qeyri invaziv neyrovizualizasiya metodlarının, xüsusilə də maqnit-rezonans tomoqrafiyasının (MRT) istifadəsi nəticəsində sinir elementlərinin (onurğa beyni və sinir kökcüklərinin) diskogen mənşəli bir- və çoxsəviyyəli kompressiyası olan pasiyentlərin aşkarlanması əhəmiyyətli dərəcədə artmışdır. Onurğanın boyun şöbəsində sinir strukturlarının diskogen kompressiyasının inkişafının əsas səbəbini onurğa sütununda degenerativ-distrofik dəyişikliklər (osteoxondroz, osteoporoz və s.) təşkil edir. Bundan başqa, müxtəlif növ travma ilə provakasiya olunmuş simptomatikanın klinik biruzəsi hallarına da rast gəlinir (və ya bundan başqa, müxtəlif növ travma ilə provakasiya olunmuş klinik hallara da rast gəlinir). Boyun şöbəsində klinik əhəmiyyət kəsb edən bu növ diskogen kompressiyanın yayılması onurğanın bütün degenerativ xəstəliklərinin təqribən 10-15%-i civarında yer alır. Provakasiyaedici və ya etiopatogenetik amil qismində travma olan xəstələrdə nevroloji simptomatikanın müxtəlif formalarının (yüngül, orta və ağır) rast gəlinməsi, bu qrupdan olan xəstələrin demək olar ki, 65%-də qeyd edilir. Qeyd edilən patologiyanın aktuallığını təşkil edən birinci amil ağrıdır. Pasiyentlərin təqribən 33%-i xəstəliyin əvvəlində boyunda yaranan və yuxarı ətrafa irradiasiya edən və ya irradiasiya etməyən bir və ya bir neçə güclü ağrı epizodundan şikayət edir. Bu cür vəziyyətlərin diferensial diaqnostikasının mürəkkəbliyi degenerasiyaya və ya iltihabi prosesə məruz qalmış strukturların sayının çox olması ilə əlaqədardır. Bura fəqərəarası disklərdən başqa hər iki boylama bağları (onların qalınlaşması spinal kanalın stenozuna səbəb olur), fəqərə oynaqlarını və onlara uyğun bağları, sərt beyin qişasını və kökcüklərin özlərini (radikulit) aid etmək olar. Elə buna görə də, yuxarıda göstərilən patologiya zamanı ağrının mənbəyini dəqiq təyin etmək çox aktual məsələlərdən biridir. Maqnit-rezonans tomoqrafiyasının nəticələrinin xəstələrin nevroloji statusunun göstəriciləri ilə uyğunlaşdırılması zədələnmələrin nəinki lokalizasiyasını, həm də onların xarakterini təyin etməyə imkan verir, onurğa sütununun və onu əhatə edən toxumaların (onurğa beyni və sinir kökcükləri, boyun damarları) praktiki olaraq bütün strukturlarının vizualizasiyasını mümkün edir. Onurğanın boyun şöbəsində fəqərəarası disk yırtıqları olan xəstələrin cərrahi müalicəsi ən optimal və daha effektli metodlardan sayılır. Onurğa kanalının stenozu, listez və ya fəqərələrin skoliozu kimi patologiyaların olması, çox vaxt neyrocərrahların qarşısında cərrahi müdaxilənin taktikasının və metodunun seçilməsi barədə sual qoyur. Fəqərəarası disk ilə kompressiya olunmuş strukturların aşkarlanması birincili dərəcəli məqsəddir, çünki, bu əməliyyatın taktikasını, yanaşmanı və həcmini təyin edir. Həm də, nəzərə almaq lazımdır ki, onurğanın boyun şöbəsinin sinir elementlərini qidalandıran qan damarları da eyni dərəcəli və ya daha qabarıq kompressiyaya məruz qala bilər. Bunlara ön spinal arteriya və kökcük-onurğa beyni arteriyalarını aid etmək olar. Bu halda, seqmentar kökcük əlamətlərinə qan təchizatı zonalarına uyğun innervasiya pozulmalarının əlamətləri də əlavə edilir. Belə xəstələrin cərrahi müalicəsi probleminin aktuallığı adı çəkilən xəstəliyin geniş epidemiologiyası ilə əlaqədardır. Onurğanın degenerativ dəyişiklikləri və onların ağırlaşması sayılan onurğa beyninin və onun kökcüklərinin patoloji vəziyyətləri həyat keyfiyyətinə mənfi təsir göstərən ən çox tanınmış xəstəliklərlə eyni sırada durur. Belə ki, statistikaya görə Avropa ölkələrində bel ağrılarına görə əhalinin 10%-ə qədəri əmək fəaliyyətini itirir. Onurğanın osteoxondrozu zamanı ağırlaşmaıar 40%-dən çox rast gəlinərək, böyüklərdə bütün ortopedik xəstəliklər arasında üstünlük təşkil edir. ABŞ-da 2013-cü ildə onurğada ağrılar səbəbindən tibbi yardım üçün 21 milyon insan müraciət etmişdir. Adı çəkilən patologiyanın cərrahi müalicəsinin vacibliyinin növbəti göstəricisi – sosial və ekonomik əhəmiyyətidir. Onurğanın degenerativ dəyişiklikləri olan pasiyentlərin böyük qismi əmək qabiliyyətli yaş qrupuna – 35-60 yaş aid edilir. Dayaq-hərəkət sistemi xəstəlikləri ilə bağli əlilliyin ümumi strukturunda onurğanın osteoxondrozu 21,2%, əlilliyin səviyyəsi isə təqribən 4% təşkil edir. Həm də, xəstələrin yarısı əmək qabiliyyətini tamamilə itirir ki, bu da tibbi xidmət, müalicə və reabilitasiya, kompensasiyaların ödənilməsi və s. kimi yüksək sosial-ekonomik xərclərə gətirib çıxarır. Misal olaraq, bu patologiya ilə əlaqədar ABŞ-da il ərzində orta hesabla 500000 cərrahi müdaxilə aparılır ki, bu da 8 milyard dollara qədər xərclərə səbəb olur. Onurğanın boyun şöbəsinin fəqərəarası disk yırtıqlarının cərrahi müalicəsinin taktikasının seçimi, onların optimizasiyası barədə fikir ayrılıqları mövcuddur. Bu mövzuda müzakirələr bugünki dövr üçün də realdır. Müzakirənin ayrı bir mövzusu da əməliyyatın həcmidir. Başqa sözlə müxtəlif metallokonstruksiyalar ilə onurğanın əlavə fiksasiyasının aparılıb və ya aparılmamasıdır. Əlavə olaraq, təəssüflə onu da göstərmək lazımdır ki, bəzi müəlliflərin məlumatlarına görə 28-50% hallarda cərrahi əməliyyatların nəticələri qənaətbəxş olmur. Xəstəliyin residivvermə tezliyi də yüksək olaraq qalır ki (təqribən 25%), bu da təkrar cərrahi müdaxilə (bəzən bir neçə) tələb edir. Cərrahi əməliyyatdan sonrakı somatik və yatrogen genezli ağırlaşmalar da əhəmiyyətli rol oynayır. Avropa ölkələrində bu ağırlaşmaların orta rast gəlmə tezlyi 3,5%-dir. Bura əməliyyat sahəsinin irinli və iltihabi ağırlaşmalarını (bakterial, virus və ya vərəm mənşəli), fiksasion mexanizmin yararsızlığı (əlavə fiksasion metallik və ya sümük strukturlarının yerdəyişməsi və ya tamamilə çıxması), həm də əlavə sıxılma və sonrakı mielopatiya nəticəsində nevroloji defisitin artmasını daxil etmək olar.
- Tel: +994 50 232 66 61
- Baz.e-Ç.axş (09:00 - 18:00)
- [email protected]
Edit Content
Contact Info
- Tibb Universitetinin Tədris Cərrahiyyə klinikası
- +994 50 232 66 61
- [email protected]
- Həftə içi: 09:00 - 18:00